‘İnşalar’ Kateqoriyası üçün Arxiv

İnsan insanın dostudur

Dərc edildi: 7 Aprel 2012 / İnşalar

İnsan  üçün ən müqəddəs hisslərdən biri də dostluqdur. Dostluq yer üzünün bütün insanları üçün sevinc dolu həyatdır, ən ülvi və saf mənəvi sərvətdir. İnsanı şadlandıran, onda gələcəyə böyük ümid doğuran, onu şərəflə ucaldan dostluq hissidir. Dostluq insanların könül sərvəti, qəlb nemətidir. Dostluq insanları bir-birinə yaxınlaşdıran qızıl körpüdür, qırılmaz əlaqədir.  

Dostluqdan min kitab yazılsa azdır,

Onun al bayrağı götürməz ləkə.

Dostluq könüllərdə səslənən sazdır,

Ucalır onunla bu el, bu oba. 

Dostluğu heç nəyə bənzətmək olmaz. O, dənizə, ümmana bənzər, daim coşar, çağlayar, insanları qəhrəmanlığa, fədakarlığa səslər. Dostluq dedikdə insanların bir-birinə olan saf və təmiz münasibəti, pak sevgisi başa düşülür. Dostluq dedikdə Usta Zeynal sədaqəti, Mirzə Cəlal cəsarəti, Mehdi Hüseynzadə qəhrəmanlığı yada düşür. İnsan insanın dostu, yoldaşı və qardaşıdır. Dostsuz insan dirəksiz dama bənzər. İnsan üçün əsl dost qədər qiymətli heç nə yoxdur. Kimsə  qorxudub özünə tabe etmək olar. Lakin heç vaxt zor yolu ilə dost qazanmaq olmaz. Dost qazanmaq üçün sən özün də  yaxşı dost olmalısan. Çünki, atalar demişdir: “Dost-dosta tən gərək, tən olmasa gen gərək.” 

Mənim də çoxlu dostlarım var və mən onların xətrini çox istəyirəm. Lakin mənim əsl dostum Mahir adlı sinif yoldaşımdır. Biz bir-birimizi çox gözəl başa düşür, əsl dostlar kimi münasibət saxlayırıq. Mahirin mənim xoşuma gələn əsas cəhəti onun təmiz qəlbli, açıq ürəkli olması və sözü üzə deməsidir. Mahir mənim də səhvlərimi üzümə deyir. Lakin mən bundan nəinki incimirəm, əksinə, bir dost kimi ona daha da yaxınlaşıram. Çünki əsl dost heç vaxt öz dostunun eybini gizlətməz, onun özünə deyər ki, bu eyibləri düzəltsin. Atalar deyiblər ki, “ Dost üzdə, düşmən arxada danışar.” Həqiqi dost odur ki, dostunun nöqsanına göz yummasın, onun qüsurlarını üzünə desin. Dahi şairimiz Nizamı Gəncəvi özünün “ Leyli və Məcnun” poemasında Məcnunun atasının dili ilə deyir: ” Dostun güzgüsü ən yaxşı dostdur. Güzgü öz həqiqi varlığı ilə eyibləri göstərir ki, sən onları yuyasan.” 

Dostsuz həyat insan üçün çox ağırdır. Sədaqətli, etibarı və vəfalı dost insan üçün ən böyük xəzinədir. İnsan bütün həyatı boyu dost köməyinə, yoldaş yardımına ehtiyac duyur. Bu fikrimi sübut etmək üçün yenə dahi Nizamidən misal gətirmək istəyirəm. Şair “Xosrov və Şirin” poemasında dost yardımı haqqında, dost və yoldaşsız həyatın çətinliyi haqqında belə yazır:                                

Yoldaşdan yoldaşa yetişər kömək,

Heç bir işdə olma yarsız, yoldaşsız,

Dünyada yoldaşsız Allahdır yalnız

Dünyada çox iş var yoldaşdan aşar,

Yaman gündə çatar dada yoldaşlar. 

Dostluq, mehribanlıq ən gözəl nemətdir. Mən istərdim ki, bütün insanlar dost, yoldaş olsunlar, hamı bir-biri ilə səmimi və mehriban rəftar etsin.


Hər bir insanın qəlb evində ana kimi müqəddəsdir, ülvi və şirin bir hiss yaşayır. Bu, Vətənə olan  sevgi hissi, doğma torpağa olan məhəbbət duyğusudur. Mən mübaliğəyə varmadan deyərdim ki, insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Vətən eşqi, Vətən sevgisi. Bəli, hər bir kəs dünyaya gözünü aşdığı ilk andan onu həyata gətirən qadın ananı görürsə, ilk qədəmlərinin Vətən torpağında atır və atdıqca da Vətən sevgisinin, yurd eşqinin hərarətini daha dərindən hiss etmiş olur. Günlər, aylar bir-birini əvəz etdikcə, həyatı dərindən duyduqca bu sevgi daha da şirinləşir, əbədiləşir və insan daha qırılmaz tellərlə öz elinə, obasına bağlanır. 

Südüdür kim, dolanıb qanım olub,

O mənim sevgili cananım olub.

Saxlaram gözlərim üstə onu mən,

Ölərəm əldən əgər getsə Vətən 

Dağları qürurumuz, çayları qaynar qanımız, ormanları geniş ürəyimiz olan bir diyarda – Azərbaycan adlı məmləkətdə doğulmaq, yaşamaq, işləmək, yaratmaq, onu kirpik gözü qoruyan kimi qorumaq, sevmək və bu sevgi uğrunda canından belə keçmək hər bir vicdanlı Vətən övladının, hər bir qeyrətli yurddaşımızın məslək işi, fəxarət dünyası, həyat amalı, ömür andıdır. 

“Dədə Qorqud” filmində gözəl bir epizod var. El ağsaqqalı Dədə Qorqud gəncliyə belə bir nəsihət verir: “Torpağı həm əkib-becərtmək, həm də qorumaq lazımdır. Əgər torpağı əkib-becərməsən, onu qorumağına dəyməz, qorumasan, onda da əkib-becərməyinə dəyməz.” Doğrudan da, gözəl sözlərdir. Vətəni sevmək, onun hər qarış torpağının qədrini bilmək, lazım gələrsə, bu doğma yurd üçün canından keçməyi bacarmaq bizim hər birimizin müqəddəs borcudur. Torpaq – uğrunda ölən varsa, vətəndir. 

1941-1945-ci illər müharibə dövrünün qəzetlərindən birində belə bir xəbər dərc edilmişdir: ” Azərbaycanlı zabit düşmən gülləsindən ağır yaralanır, onu xəstəxanaya gətirirlər. Cərrahiyə əməliyyatı zamanı vəziyyətinin get-gedə ağırlaşdığını hiss edən xəstə həkimə dayanmaq işarəsi verir. O, son nəfəsdə var gücünü toplayır və Səməd Vurğunun “ Azərbaycan” şerindən bir bəndi zəif, titrək səslə deyir: 

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma vətənimsən,

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan! 

Zabitin yanaqlarından bir gilə yaş görünür, sonra isə gözlərini əbədilik yumur.” 

Gənc zabitin son nəfəsdə yurdunu, Vətənini xatırlaması onun hansı amala görə canını qurban verdiyini parlaq şəkildə göstərir. O, Azərbaycan uğrunda sinəsini düşmən gülləsinə sipər etmiş, Vətən yolunda ölümün gözünə dik baxmış, bu yolda canını əsirgəməmişdir. 

Bu gün mən hələ adicə şagirdəm. Lakin sabah lazım gələrsə, mən də öz doğma vətənim uğrunda canımdan keçməyə hazıram. Çünki mənim qəlbim də, varlığım da, qanım da Vətəndir, Azərbaycandır. 

Qarabağım, gözəl Şuşam talan oldu,

Təbriz dərdi, Dərbənd dərdi yalan oldu.

Qalx ayağa, vətən oğlu, sən qisas al,

Qalib zəfər bayrağını zirvəyə çal.

Milli qəhrəmanlarımız

Dərc edildi: 7 Aprel 2012 / İnşalar
Etiketlər:

Azərbaycan  xalqı öz təbiəti, xarakteri etibarilə həmişə mülayim və sülhsevər olmuşdur. O, heç kəsin torpağına göz dikməmiş, kiməsə təcavüz etməyi özünə rəva görməmişdir. Xalqımız yalnız öz doğma yurdunu, doğma torpağını qorumuş, lazım gələndə canını belə bu yolda qurban verməkdən çəkinməmişdir. Xalqımızın içərisindən əsr-əsr, qərinə-qərinə igid ərlər, kişi qeyrətli qadınlar meydana çıxmış, Azərbaycana solmaz şöhrətlər qazandırmış, onu qəhrəmanlar diyarı kimi Qaçaq Nəbi, Həcər kimi yüzlərlə, minlərlə qəhrəman oğul və qızları heç vaxt onu düşmənə baş əyməyə qoymamışdır. Son dövrlərin zorla cəlb edildiyimiz torpaq savaşından Vətən uğrunda tərəddüd etmədən həyatını qurban verən qəhrəman oğul və qızlarımız, vətənpərvər övladlarımızın rəşadət və igidlikləri məhz igid babalarımızın, qeyrətli nənələrimizin solmaz döyüş şöhrətinin bariz  təcəssümüdür. Bu savaş göstərdi ki, Azərbaycanda vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğul və qızlarımız çoxdur.    

Azərbaycan Respublikasını ən yüksək fərqlənmə dərəcəsi “Azərbaycanı Milli Qəhrəmanı” fəxri adıdır. Bu ad ölkəmizin müstəqilliyi  və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. Cəlb olunduğumuz Qarabağ savaşı yüzlərlə milli qəhrəman yetirmişdir ki, mən də bu gün bunlardan biri – Ağayev Faiq Alış oğlu haqqında söz açmaq istəyirəm. 

Ağayev Faiq Alış oğlu Ağdam rayonunun Paravənd kəndində anadan olmuş, orta məktəbi də burada bitirərək ordu sıralarına xidmətə getmişdir. Ordudan qayıtdıqdan sonra 1990-cı ildən Ağdam rayon Daxili İşlər Şöbəsinin post-patrul alayında qulluğa girmiş, burada polis serjantı rütbəsi almışdır. 

Doğma Azərbaycanımızın üzərinə təhlükə alanda Faiq də minlərlə vətən oğlu kimi silaha sarsılaraq erməni faşizmi ilə mübarizəyə başladı. Adi günlərdə hər hansı qeyri-adi səciyyəsi ilə seçilməyən Faiq bu mübarizədə dostu da, düşməni də heyrətə salan igidlik və şücaət göstərdi. 

1990-cı ilin 23  dekabrında kiçik Meşəli kənd yüzlərlə erməni yaraqlısının hücumuna məruz qalmışdı. Yaranmış vəziyyətdə döyüşçülərimiz dinc əhalini təhlükəsiz yerə çıxarmaq uğrunda vuruşurdular. Uçurulmuş evlərin xarabalarından birini istehkama çevirmiş Faiq erməni yaraqlıları üzərinə od yağdırır və dinc əhalinin qaçıb meşədə daldalanması üçün imkan yaradırdı. Düşmən atəşini öz üzərinə cəlb etməklə  Faiq onlarla qadını, körpəni, uşağı ölümdən xilas etdi, lakin öz canını qəhrəmanlıqla qurban verdi. 

Respublikamızın suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 8 oktyabr tarixli fərmanı ilə Ağayev Faiq Alış oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir. 

Ağayev Faiq vaxtsız qırılmış ömrünü ölümün caynağından xilas etdiyi minnətdar Meşəli camaatının ömründə, həzin xatirələrində, xoşbəxtlik və səadətində əbədi yaşadacaqdır. Belə qəhrəmanlar heç vaxt ölmür, ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Onlar həmişə bizim qəlbimizdə, qan yaddaşımızdadırlar.

Odlar Yurdu

Dərc edildi: 7 Aprel 2012 / İnşalar
Etiketlər:

Azərbaycan! Odlar yurdu! İgidlər, mübarizlər, qorxmazlar, atəş ürəklilər vətəni. Tarixlərdə izi qalan, sözü qalan “ qoca Şərqin qapısı”, Nizamilər, Nəsimilər, Füzulilər, Vurğunlar, Cəfərlər, Üzeyirlər yetirən ana torpaq, sən nə qədər müqəddəssən, munissən, ülvisən, doğmasan.  

Azərbaycan! Mayası nur, qayəsi nur ki,

Hər daşından alov dilli ox ola bilər.

“Azərbaycan!” deyəndə ayağa dur ki,

Füzulinin ürəyinə toxuna bilər. 

Ana vətənim! Azərbaycan! Sən alovlardan, odlardan keçdin, Odlar diyarı kimi tarixə düşdün. Sənin hər qarış torpağında, hər daşında Babək vüqarı, Nəsimi mətanəti, Koroğlu mərdliyi, Nəbi qoçaqlığı görünür. 

Doğma diyarım! Niyə sənin adına Odlar diyarı deyilir? Bəlkə, bu, Koroğlunun misri qılıncından qopan oddur, qığılcımdır; atəşdir?! Bəlkə, bu, Kərəmin çəkdiyi “ah”ın odudur, alova dönüb sinənə hopmuşdur?! Bəlkə, övladlarının məhəbbəti günəş kimi alovlu olduğu üçün adına “ Odlar Yurdu” deyirlər. 

Soyuqluq, soyuqqanlılıq yaddır bizim diyara, bizim torpağa. Azərbaycan diyarında sevib-sevilənləri heç bir atəş yandırmaz. Bu diyarda doğulanlar zülmətə, qaranlığa baş əyməz, qış soyuğuna, buz soyuqluğuna bürünməzlər. Analarımız, bacılarımız, qızlarımız öz ismətləri, ədəb-ərkanları və igidləri ilə tanınmışdır. Bizim  kişi qeyrətli Tomrislərimiz, Burla xatunlarımız, Nigarlarımız, Həcərlərimiz var. Onlar ərlər kimi  vuruşmağı da, düşmənə qarşı qəzəbli, amansız olmağı da, böyüklər, ağsaqqal və ağbirçəklər önündə yaşınmağı da, həya eləməyi, hörmət gözləməyi də bacarmışlar. 

Qeyrətlidir oğlun, qızın,

Müjdəsisən xoş bir yazın,

Qoy aşıq kökləsin sazın,

Ana Vətən! Azərbaycan! 

Ana diyarım Azərbaycan! Tarixini xəyalımda canlandırarkən heyrətlənirəm. Cavanşirlər, Babəklər, Nəbilər, Mehdilər, Həzilər yadıma düşür. Əgər keçmişini vərəqləməsəm, bu gününü də duya bilmərəm. 

Ana Vətənim! Sənin başın nələr çəkməyib?! Həmişə yağıların iştahından keçən yağlı tikə olmusan. Səni müharibə meydanına çeviriblər. Amma sən hər şeyə sinə gərmisən. Övladların canını sənə qurban verib, lakin səni  əyilməyə qoymayıblar. 

1918-ci il mayın 28-də sənin də üzünə azadlıq günəşi doğdu. Sənə kəc baxan gözlər bu günəşin işığından qamaşdı, xəbis ürəklər parçalandı. Lakin, heyflər olsun ki, 23 ay çəkdi müstəqilliyimiz. Anamız Vətən “qırmız imperiya”nın  müstəmləkəçi siyasətinin qurbanı oldu. Zaman-zaman sərvətlərimiz kənara daşındı, nemətlərimiz qəsb olundu. 

Ağrın bizim oldu, dadın özgənin,

Axdın ciblərinə yadın, özgənin.

Özün odlar yurdu, odun özgənin,

Ay mənim Vətənim, Azərbaycanım!

Nə yaxşı ki, sarsılmadıq. Yetmiş ildən sonra qanlar bahasına da olsa, öz  istiqlalımıza qovuşduq, üçrəngli bayrağımızı yenidən yüksəklərə qaldırdıq. Bu gün biz başımız “əhsən!” deyir, onların yolunu davam etdirəcəyimizə, müstəqil və suveren Azərbaycan uğrunda canımızdan belə keçməyə hazır olacağımıza söz veririk.


Sultan Hüseyn Bayqara şöhrət günəşinin üfüqə enən çağında Şah İsmayıl Xətaiyə səmimi bir məktub yazır və könlünü alma üçün ona rəqqasələr dəstəsi göndərir. Şah İsmayıl isə saray rəqqasələrinə baxıb başının bulayır və deyir: “Mənim eyş-işrətə vaxtım yoxdur. Mən vuruş adamıyam, gərək rahatlanmadan məmləkətimin ətrafına at cövlan etdirəm.” 

Bu sözləri xatırlayanda insan qəlbindən həzin bir titrəyiş keçir. Belə ruha, belə məsləyə heyran qalmamaq olmur. Kövrəlirsən, qürurlanırsan, fəxr edirsən öz keçmişinlə, ulu babamızın Xətainin odlu-alovlu qəlbi ilə, polad tək möhkəm Vətən qeyrəti ilə. Lakin bu güc, bu məram təkcə Şah İsmayıl Xətainindimi?  

Mənə elə gəlir ki, bu məram bizim hamımızındır. Bu, bir ana laylasıdır, həzin musiqisi ilə qanımıza, canımıza hopub. Bu, bir  ana nəsihətidir, dərin mənası ilə beynimizə, idrakımıza həkk olunub. Uşaq doğulanda ona verilən ilk dərs də gərək bu ola: Sənin borcun vətəni, doğma torpağı qorumaq, ona xidmət etməkdir! 

Vətən sevgisi əzəli və əbədi bir qəlb odudur, heç vaxt öz təravətini və gücünə itirmir və elə buna görədir ki, insan bu sevgiyə köklənəndə dünyanın bütün gücü onun qoluna toplanır, göyün bütün işığı və nuru onun qəlbinə, fikrinə dolur. Mən də bütün qəlbimlə ana ocağım, ata yurdum Azərbaycana – Odlar diyarına, bu müqəddəs torpağa bağlıyam. Onun fərəhi mənim fərəhim, onun kədəri mənim kədərimdir. 

İnsan qəlbinin ən böyük nəğməsi Vətən nəğməsidir. Sonsuz zənginliklərə, doğma torpağa dikilmiş bütün məhəbbətli gözlər, hələ beşikdə çırpınan balaca körpələrimizin ürkək qəlbləri ancaq bu nəğməni zümzümə edir. Bu nəğməni hərə bir cür oxuyur. Onun  döyüş harayı, Koroğlu nərəsi, qılınc zərbəsi ilə oxuyanlar da olub, bulaq pıçıltısı, qadın isməti, Nigar vəfası, Həcər sədaqəti ilə oxuyanlarda. 

Mənim də qəlbimdə doğma yurduma həsr etdiyim öz nəğməm var. Bu nəğmənin hər kəlməsi vətəndir, hər notu, hər səsi vətən sevgisi ilə yoğurulmuş əzəli və əbədi bir musiqidir.  

Mən öz Vətənimi – doğma Azərbaycanımı hədsiz məhəbbətlə sevirəm. Mənim müqəddəs borcum Vətənə, onun çiçəklənməsinə xidmət etmək, Vətənin hər qarış torpağına sinəmi sipər edib onu qorumaqdır. Xüsusən indiki vaxtda, vətən ərazisinin beşdən bir hissəsinin yağı tapdağı altında olduğu bir zamanda Vətən bizdən daha böyük hünərlər gözləyir və mən bütün qanımla, bütün canımla onu qorumağa hazıram. Mən Vətənə borcumu bu gün oxumaqla, sabah isə müstəqil Azərbaycan ordusunda vuruşmaqla, iqtisadiyyatın və mədəni-siyasi həyatın müxtəlif sahələrində çalışmaqla verəcəyəm. Vətəni qorumaq, onu inkişaf etdirmək və çiçəkləndirmək bizim hamımızın şərəf işi,  vətəndaşlıq borcudur. 

Can qurban etmənin vaxtı çatıbsa,

Səndən hansı namərd əsirgəyər can?

Qoyaram başımı ayaqlarına,

Ey ana torpağım! Ey Azərbaycan!

Dünənimiz, bu günümüz, sabahımız

Dərc edildi: 7 Aprel 2012 / İnşalar
Etiketlər:, ,

Birbaşa bu günümüzdən başlamaq istəyirəm. Dünənimizi heç birimiz unutmamışıq və bu günümüzdən fəxrlə keçib sabahlar addımlayırıq. Bu günümüzün fəxarət dünyası, örnək ocağı, güvənc yeri isə müstəqilliyimiz, istiqlalımız, azadlığımızdır.

Artıq neçə ildir ki, vətənimiz Azərbaycan müstəqildir, azad, suveren bir dövlətdir. Amma bu sözü dilə gətirmək üçün qərinələr, əsrlər lazım gəlib bizə. Babəklərin qolu kəsilib, Nəsimilərin dərisi soyulub, sürgünlər, qətllər, həbslər tüğyan edib, ağzından od püskürən, gözlərindən qan daman imperiyaların caynaqlarının əsiri olub Azərbaycan. Yağılar tərəfindən yağmalanıb, məkrli niyyətlərin ünvanı olub, süfrələrə təam kimi gətirilib Azərbaycan.

Dünyanın siyasi xəritəsində yeni adlar yarananda, yeni sərhədlər cızılanda və xalqların istiqlal savaşı alovlananda da Azərbaycanımız xain əllərin, həris jandarmaların plasdarmına çevrildi.Qədim bir ərazini , qədim bir xalqı cəng meydanında tarixi sınağa çəkdilər, torpaqlarını azadlıq uğrunda mübarizəyə qalxanların qanı ilə suvardılar.

Biz uzun illər “ Gülüstan” poemasının təsirindən kövrəlmiş , azadlıq təşnəsi tək için-için qovrulmuşuq. Biz onu zərrə-zərrə, qram-qram yox, bütöv bir xalqın tarixi haqqı kimi istəyirdik. Bir gün azad yaşamağın qırx il kölə kimi sürünməkdən üstün olduğunu anlasaq da, imperiya buxovlarından qurtula bilmirdik. Azadlıq deyən dilləri kəsməyə daim hazır olan imperiya heç cür yağlı tikədən əl çəkmək istəmirdi.

Tikan olub gözlərə batırdıq.Varımız, varlığımız əzirdi, didirdi qra donlu, üzdə dost, daxildə düşmən olan qonşularımızı. Təkəbbürü dağ boyda olan, vücudu isə qara quruşa dəyməyənlərin sınaq laboratoriyası oldu vətənimiz. Bizi çətin sınaqlara çəkdilər.Əvvəlcə Azərbycanın sinəsində raz boyda şırım açaraq iki böldülər onu. Ürəkləri soyumadı. Zaman-zaman torpaqlarımızdan hədiyyə verildi mənfur qonşularımıza. Sonra isə Qarabağ yarası vuruldu bizə. Ürəyimizə işlədi bu yara, qəlbimizi dağladı.Amma…

Biz sınmadıq, sına bilməzdik. Əyilmədik, əyilə bilməzdik. Müstəqil həyat şərəfinə bu dünynın qara daşının göyərəcəyinə əminlik hissi ilə başımızı dik tutduq, tankların tırtılların altından, bizə tuşlanan güllələrin gilizlərindən zorla çıxartdıq Azadlığımızı, İstiqlalımızı, Müstəqilliyimizi. Sinəmizi sipər etdik yağı gülləsinə, düşmən mərmisinə. Qanımız töküldü. Lakin ucaltdıq üçrəngli bayrğımızı, yaşatdıq babalarımızdan yadigar qalan azadlıq himnini. Millətimizin xətti imzalar içərisində göründü.

Müstəqillik bizim bu günümüzdür. Sabahımızdır. Biz bir həqiqətə inanırıq ki, Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir!                   

Azərbaycan!

Mayası nur, qayəsi nur ki,

Hər daşından alov dilli ox ola bilər.

“Azərbaycan!” deyiləndə ayağa dur ki,

Füzulinin ürəyinə toxuna bilər.

Azərbaycan müstəqil respublikadır

Dərc edildi: 7 Aprel 2012 / İnşalar
Etiketlər:, , , , ,

Vətən! Bu kəlmə təmiz ürəklər  qədər safdır, pakdır, müqəddəsdir. Bu deyim sevənlərin gözləri tək şəffafdır, təmizdir, aydan arı, sudan durudur. Bu söz ana südü kimi şirindir. Ana qucağı qədər əziz, ana nəfəsi tək doğmadır.

                                                                                                    

Vətən! Bu söz ilk dəfə kimin dilindən çıxıb, kimin dodaqlarından qopub?! Doğulub boya-başa  çatdığımız torpaq, doğma yurd, doğma od-ocaq yri barədə deyilən “vətən” kəlməsinin müqəddəsliyini zaman-zaman özümüz hiss etmişik, özümüz duymuşuq. Müqəddəs bir varlığa-anaya olan məhəbbətimizi ona da şamil etmişik. Ona da ana demişik: Ana Vətən! Azərbaycan! Odlar yurdu! Odlar Ölkəsi! Ürəyi alovlu, sinəsi günəşli doğma vətənim! Bütün qəlbimlə sevdiyim diyarım mənim!

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən

Anam, doğma vətənimsən.

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

Azərbaycan! İgidlər, mübarizlər, qorxmazlar, atəş ürəklilər vətəni. Tarixlərdə izi qalan. Sözü qalan “ qoca Şərqin qapısı”, Nizamilər, Nəsimilər, Füzulilər, Vurğunlar, Sabirlər, Üzeyirlər yetirən ana torpaq. Sən nə qədər müqəddəssən, munissən, ülvisən, doğmasan.       

    

1918-ci ilin bir yaz günündə Azərbycan torpağında istiqlal günəşi prladı – 28 May günəşi.Həmin gün Azərbaycanımızın dövlət müstəqilliyi elan olundu. Müstəqil dövlətimizin hökumətini qurmaq Fətəli xan Xoyskiyə tapşırıldı. 1918-ci ilin iyununda Azərbaycan hökuməti Tiflisdən Gəncəyə, sentybrın 15-də isə Bakıya köçdü. Təəssüf ki, Azərbaycan üzərində müstəqillik günəşinin parlaması yalnız 23 ay çəkdi. Rusiya imperiyasının Bakı neftinə olan marağı Azərbaycanın işğal edrək “ qırmızı imperiya”ya ilhaq olunmasına səbəb oldu.       

    

Yetmiş il imperiya əsarətində qaldıq. Böyük qardaş dediyimiz Rusiya sərvətlərimizə sahib, canımıza qənim çıxdı.   

        

Əzildik, lakin nə şükürlər olsun ki, üzülmədik. Yetmiş ildən sonra , nəhayət ki, yenidən istiqlala qovuşaraq üçrəngli bayrağı başımız üzərinə qaldırdıq.     

      

Bu istiqlal və azadlıq bizə heç də ucuz ba gəlmədi. 20 Yanvar… Qarabağ… Xocalı… Nə qədər gözəl və qeyrətli oğlanlarımızı, erkək tinətli qızlarımızı itirdik. Nə qədər vətən övladı azadlığımızın şəhidi oldu, ölümü ilə ölümsüzlük qazandı. Doğma diyarımızın beşdən bir hissəsini Rusiyanın üzərimizə qısqırdığı erməni tapdağına verdik, bir milyon soydaşımız doğma yurdundan qovulub didərgin salındı.        

   

Əzilmişik, lakin sınmamışıq. Çox tezliklə Türk oğlu hayqıraraq ayğa qalxacaq, mənfur düşməndən tökülən günahsız qanların intiqamını alacaqdır. Biz həmin günlərin sorağı ilə bütün  əzablara qatlaşır, həmin anların qələbə yaşamı ilə, xalqımızın müzəffər gücünə arxayın bir ümidlə nəfəs alırıq.      

     

İnanırıq ki, Azərbaycan xalqının başı üzərindəki azadlıq günəşi daha parlaq işıq saçaşaq. gələcək nəsillərə ərməğan olacaqdır.

Azərbaycan gələcəyi

Dərc edildi: 7 Aprel 2012 / İnşalar
Etiketlər:, , , , ,

Vətən! Mənim ana yurdum, ana məskənim! Sən bir gülüstansan, sinəsi laləli, köksü nərgizli bir  çəmənsən. Biz də səninlə çiçəklənirik. Səpilmişik sinən üstünə. Sən bizə doğmasan əzizsən, munissən, müqəddəssən. Bizi dünyaya gətirin doğma anamız kimi.

Vətənin, yurdun müqəddəsliyi öz xalqını, öz elini, obasını, yaşadığı torpağı ürəkdən sevən hər bir şəxs üçün ən ümdə arzu, ən ali istək, ən yüksək amaldır.

Vətən! Azadlıq! Azad olmayan vətən azad vətəndaş ola bilməz.Vətən azadlıq simvolu, müstəqillik rəmzidir. Azadlıq, müstəqillik isə tərəqqinin, inkişafın əsasıdır. Azadlıq nə verilmir, nə də satılmır. Onu hər bir xalq, hər bir millət öz qanı bahasına, igid oğul və qızlarının qanı və canı bahasına əldə edir.

Vətənimiz Azərbaycan qəhrəmanlar yurdu, igidlər əskənidir. Bu torpağın Babək, Cavanşir, Koroğlu kimi qəhərəmanları, Mehdi Hüseynzadə, Gəray Əsədov, Həzi Aslanov kimi igid oğulları vardır. Bu igid cəngəvərlər vəyənin azadlığı, xalqın işıqlı gələcəyi naminə mübarizə aparmış, öz canlarını da bu yolda qurban verməkdən çəkinməmişlər. Onlar vətənin  dünəni, bu günüdürlər, biz isə vətənin sabahıyıq.Lakin…

Çox-çox təəssüflər olsun ki, bu gün qəhrəmanlarımızla öyünsək də, özümüzün qəhrəmanlığımızla fəxr edə bilmirik. Koroğlular, Babəklər yurdu olan Azərbaycan vətənimizin iyirmi faiz torpağını yağı əlinə vermişik. Nə qədər soydaşımız şəhid olub, analar oğulsuz, övladlar atasız, gəlinlər ərsiz qalıb.

Qarabağ yarası həmişə göynənən, sızlayan yaramızdır. Bu torpaq uğrunda vuruşaraq şəhid olmuş qəhrəmanlarımızı əbədi bir xatirə kimi qəlbimizdə həkk etmişik. Onları heç vaxt, heç zaman unutmayacağıq.

Bu gün şəhid ruhları narhatdır, nigarabdır və nə qədər ki, torpaqlarımız, dilbər guşəmiz Qarabağ alınmayıb, düşməndən qisasımızı almamışıq, onlar həmişə narahat, həmişə nigaran olacaqlar. Bu torpaqları biz almalıyıq. Qanımızla, canımızla. Mən inanıram ki, tezliklə, lap tezliklə, gözəl Qarabağımızı düşmən əsarətindən xilas edəcək, üçrəngli bayrağımızı Xankəndində ən hündür binanın zirvəsinə sancacağıq.

Mən vətənimi bütün qəlbimlə sevirəm və onun uğrunda son damla qanıma qədər vuruşmağa hazıram. Sinəmdəki ürəyimdə sonsuz vətən məhəbbəti, yurd sevgisi vardır. Əgər bu ürəyimdə sonsuz vətən məhəbbəti, yurd sevgisi vardır. Əgər bu ürək:                            

Vətənimçin lazım gəlsə,                             

Polad kimi gərilməsə,                             

Torpağına sərilməsə,                            

Demək, o heç ürək deyil,                             

O heç mənə gərək deyil!

Ana haqqı-tanrı haqqı

Dərc edildi: 7 Aprel 2012 / İnşalar
Etiketlər:, ,

Dünyada ana məhəbbəti qədər müqəddəs, ana sevgisi qədər ülvi bir hiss yoxdur. Bəşər  nəsli yarandığı ilk gündən bu munis qayğıya möhtac olmuşdur və indi də olmaqdadır. Ana haqqı-tanrı haqqı, ana qucağ- behişt guşəsidir. Ana məhəbbəti kainat qədər sonsuz, həyat qədər şirindir. Dünyada ana qucağından isti bir yer, ana laylasından həzin bir musiqi yoxdur. Dünyanın ən gözəl musiqisi ana laylası, ən şirin ətri isə ana nəfəsidir.

Yoxsa da dünyanın ucu-bucağı,

Hər yerdə istidir ana qucağı.           

Ana məhəbbəti ən ülvi bir hiss kimi şihahi xalıq yaradıcılımızdan tutmuş yazılı ədəbiyyatımıza qədər bütün ədəbi nümunələrdə özünün geniş poetik əksini tapmışdır.Sənətkarlarımız anaya olan dərin məhəbbətlərini müxtəlif sənət əsərlərdə çox məharətlə ifdə etmişlər.Təkcə böyük Cəfər Cabbarlının “Ana” şeirini xatırlamaq kifayətdir ki, ana məhəbbətini müqəddəsliyi haqqında tam təsəvvür əldə edəsən.Bu lirik şeir anaya həsr olunmuş ən böyük himn, ən gözəl simfoniyadır.                    

Ana!Ana!… o adın qarşısında bir qul tək

Həmişə səcdədə olmaq mənə fəxarətdir;

Onun əliylə bəla bəhrinə yuvarlansam,

Yenə xəyal edərəm bəzmi-istirahətdir.

Görkəmli şairəmiz Nigar Rəfibəylinin yaradıcılığında qadın qəlbinin təmizliyi, ana məhəbbətinin müqəddəsliyi motivləri çox qüvvətli səslənir.Ana əzəmətini hər şeydən üstün tutan şairə, bu mövzuya aid ürəkləri riqqətə gətirən dərin məzmunlu şeirlər yaradır, anaların simasında bütün qadınlığı, qadın şərəfini, qadın heysiyyətini müdafiəyə qalxır.           

Şairənin ana obrazı onun öz şəxsiyyəti ilə birləşir. Lirik qəhrəmanın dili ilə demək istədiyi fikirlər şairənin özünün ürəyindən qopan xoş niyyətli arzulardır. Şairə özü də bir ana kimi bəşəriyyətin, ana övladlarının müdafiəsinə qalxır, sülhü, əmin-amanlığı müdafiə edir, müharibələrə, insan ölümünə səbəb olan amillərə nifrətlər yağdırır:                 

Sən anasan, mənim də analıq şərəfim var,                   

Anaların qəlbində birdir böyük duyğular.                 

Haray salıb qaldıraq anaları yuxudan,                 

Dünyada heç bir ana mürgü döyməsin bu an.                 

Qalxsın bütün anlar sülh, səadət naminə!                 

Gələcək nəsillərə gözəl həyat naminə!           

Ana həyatımızın ən müqəddəs varlığı, ən ülvi canlısıdır.Ana qəlbində idaraka sığmayan bir mərdlik, səbir və dözüm vardır. Bu mərdlik və dözümlülük qarşısında, bu ülvi məhəbbət  qarşısında biz hamımız baş əyir, səcdə qılırıq.           

Ana məhəbbəti bir ümmandır.o, övladının xoşbəxtliyi uğrunda bütün əzablara sinə gərir, hər cür çətinliklərə dözür, od ətrafında fırlanan pərvanə kimi ürəyinin yağını əridir.                 

Ana!Bax bu sözün mənası nədir?                 

Ana! Oda aşiq bir pərvanədir.                 

Dolanır başına daim övladın,                 

Ana- müqəddəsdir o təmiz qadın!


Yer üzərində ən böyük varlıq insandır. Insanda isə ən qiymətli sərvət aöıl, bilik və elmdir. Məhz bunlarla insanlar yetişir, kamilləşirlər. Elmli, savadlı insan həmişə sənət və hünər əldə edib yaxşı ad qazanmağa, özündən sonra gələcək nəsillərə xeyirli bir iz qoymağa çalışır. Bütün bunlara ancaq elmin gücü ilə yiyələnmək olar. Elmin, biliyin, ictimai vərdişlərin yükü nə qədər ağır olsa da, insan həyatda inamla yaşayır.  

Elm ağlın çırağı, insanın əsl üstünlüyüdür. Həyatın, kainatın insanlararası münasibətlərin bütün sirrlərinin açarı elmdir.

Allahın Rəsulu peyğəmbərimiz Məhəmməd buyurub: “Elm öyrənin, çünki elm, öz sahiblərini yaxşını pisdən seçməyə qadir edir. Behiştin yolunu hamarlayır. Elm çöldə dostumuz, tənhalıqda munisimizdir. Elm köməksizlikdə yoldaşımız, xoşbəxtliyə doğru yol göstərənimiz, dostlar arasında zinətimiz və düşmənlər arasında Allahımız hesab olunur”.

Elm yalnız insanlara xidmət edir. Buna görə də elm oxuyanlar korlara göz, qaranlıqda qalanlara çıraq olmalıdır.

Əgər, insan bir elmi öyrənmək istəyirsə, ona dərindən yiyələnməli və onun mənasını dərk etməlidir. Bunu bir çox şairlər də müdrik kəlamlarında ibrətamiz sözlərlə aşılayır. Elmə yüksək qiymət verən belə şairlərimizdən biri olan ustad Nizami də gözəl deyib:

Bir elmi öyrənmək istədikdə sən

Çalış ki, hər şeyi kamil biləsən.

Elm! Görəsən hansı məfhum insanın bu qədər kamilləşdirir, ona kömğk edir? Insana həqiqətən insan olmağı kömək edir?! Yaşadığımız dövrdə elmlə daha çox məşğul olunması əbəs yerə deyildir. Çünki yer planeti adamı bu əsri elmin köməkliyi ilə qabaqlamış, ona çatmağa nail olmuşdur.

Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi misilsiz düha, qeyri-adi idrak sahibi Nizami Gəncəvi elmə, biliyə yiyələnməyin vacibliyini əsərlərində dönə-dönə qeyd etmişdir. Nizami elmin qüdrətini, alimlik şöhrətini, bəşər övladının iksiri saymışdır. Elm öyrənmək dünyanın sirlərinə vaqif olmaqdır, çalışmaqdır. Alimlik isə ləyaqətli peşədir.

Bütün rütbələrdən bikiniz fəqət

Alimlik rütbəsi yüksəkdir əlbətt!

Həyatı, baş verən hadisələri öyrənmək, onları düzgün araşdırmaq, çətin vəziyyətdən çıxmaq, vacib olanı düzəltmək, hiyləni başa düşmək, vuruşmağın sirrlərini bilmək, gözəl danışmaq, adamlar arasında sayılıb-seçilmək – bütün bunların yolunu yalnız və yalnız elm göstərməyə qadirdir. Elmsizlik, cəhalət, dibi görünməyən uçurum, aclıq və səfalət, əliəyrilik, özündən müstəbehlikdən başqa bir şey deyildir.

Elm ucu-bucağı görünməyən sərhədsiz ümmandır. Alim və müdrik insanlar bu ümmandan nə qədər bəhrələnsələr də onun xəzinəsi tükənmir, əksinə elm dəryası daha da dərinləşir, saflaşır.

Dahi şairimiz Nizami Gəncəvi neçə əsrlər əvvəl dediyi kəlamlarda:

“Qüvvət elmdədir, başqa cür heç kəs

Heç kəsə üstünlük eyləyə bilməz…”

kəlamlarindaki həqiqəti bu günlər biz həyatımızda baş verən hadisələrin dolaşıq məcrasında daha aydın hiss edirik.

Zaman ötüb keçir ustad Nizaminin səkkiz əsr əvvəl dediyi kəlamı qulağımızda sırğa edib, çox sahələrdəki elmsizliyimizdən yaxa qurtarmalıyıq. Əks təqdirdə xalqımıza, Vətənimizə, torpağımıza vurulan zərbələri dəf edə bilmərik. Bəli, qüvvət elmdədir və elmlə də zəfər qazanmalıyıq.