‘İnşalar’ Kateqoriyası üçün Arxiv


Dünyanın ən qədim və mədəni xalqlarından olan Azərbaycan xalqı, özünün tarixi, maddi-mədəni abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə həmişə fəxr etdiyi kimi, onun tarixini yaradan şəxsiyyətlərə, vətənin azadlığı naminə canını fəda edən oğul və qızlarımızla da haqlı olaraq öyünmüşdür. Xalqımızın Vətəni yadelli düşmənlərdən qoruyan, ağıllı tədbirləri ilə xalqına düzgün yol göstərən Varaz oğlu Cavanşirlə, Uzun Həsənlə, Şah İsmayıl Xətai ilə, doğma Vətəni uğrunda da canından keçən, ölümün gözünə dik baxan Babəklə, əfsanəyə çevrilən Koroğlu ilə və daha neçə-neçə igid qəhrəmanları ilə həmişə fəxr etmiş, onları əbədi xatirə kimi qəlbində yaşatmışdır.

 

Qəhrəmanlar heç vaxt unudulmur. Xalqımız ana Vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir.

Ədalət deyənin əzilməz dizi,

Sizdəndir əllərin söhbəti, sözü,

Doğma Azərbaycan unutmaz sizi

Siz torpaq uğrunda ölənlərsiniz…

Son dövlərin Qarabağ savaşı göstərdi ki, Azərbaycan, doğrudan da, qəhrəmanlar diyarı, igidlər və cəsurlar məskənidir.  Xalqımızın igid oğulları, mərd qızları heç vaxt Vətəni darda qoymamış, lazım gələndə doğma od-ocaq, müqəddəs Vətən torpağı uğrunda canlarından da keçmişlər. Mən bu yazımda belə qəhrəmanlardan biri haqqında danışmaq istəyirəm.

 

Müslümov Valeh Əlirza oğlu Lerik şəhərində anadan olmuşdur. Qarabağ savaşı başlayanda Valehin  23 yaşı var idi. Qəlbi arzularla, həyat eşqi ilə çırpınırdı. Lakin qanı vətənpərvərlik hissi ilə coşan həssas qəlbli Valeh Vətənin dar gününə biganə qala bilməzdi. Vətən eşqi onu Qarabağın harayına çatdırdı. Gənc oğlanın fəhlə kimi vaxtilə qurub-yaradan əlləri erməni yaraqlılarına qan uddurmağa başladı. El arasında deyərlər ki, ilanı güllələmək çətin deyil, çünki nişan alanda o, özü güllə qabağına gəlir. Valeh də erməni belə sehrləmişdi, heç biri onun gülləsindən yayına bilmirdi. Vuruşmalarda Vətən həmişə ən çətin sahələrə tələsər, ən məsul mövqelərdə görünərdi.

 

Çətin vuruşmaların birində Valeh özü kimi onlarca gəncin həyatını xilas etdi, lakin bu dəfə öz canını qoruya bilmədi. Ürəyi Vətən hərarəti ilə döyünən gənc gözlərini əbədi yumdu. Valeh öz ölümü ilə şəhidlik zirvəsinə ucaldı, ölməzliyə qovuşdu. Belə qəhrəmanlar heç vaxt unundulmur, qədirbilən xalqımızın qəlbinə əbədi yaşayırlar.


Təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının möhtəşəm və əzəmətli tarixini yaşadan, onu bu günümüzə qovuşduran ulu sənət nümayəndələrindən biri və həm də birincisi “Kitabi – Dədə Qorqud” eposudur. Bu bədii söz xəzinəsi türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır, “Oğuznamə”dir.

 

Elm aləminə “Kitabi – Dədə Qorqud” eposunun iki əlyazması məlumdur. Bu əlyazmaların biri və daha mükəmməli Almaniyanın Drezden muzeyində saxlanılır. Bu əlyazma giriş və on iki boydan ibarətdir. Əsərin ikinci əlyazması Vatikan muzeyindədir. Vatikan əlyazması girişdən və yalnız altı boydan ibarətdir.

 

“Kitabi-Dədə Qorqud” bahadırlıq və qəhrəmanlıq dastanıdır. Buradakı boylar orta əsrlərin ilkin çağlarının  həyatı ilə səsləşir. Əhvalatlar el ağsaqqalı, el ozanı Dədə-Qorqudun dilindən söylənilir. Əsərdə oğuzların hərbi yürüşləri, inam və görüşləri, barış və savaşları, adət və ənənələri, köçəri və oturaq həyatı bədii şəkildə öz əksini tapmışdır.

 

Oğuz elinin başçısı Qamğan oğlu Bayındır xandır. Onun əsərdə yalnız adı çəkilir, onunla bağlı heç bir əhvalat söylənilmir. Oğuz elinin baş qəhrəmanı Ulaş oğlu Qazan Xan və onun ətrafında olan bahadırlardır. El-obanı yağılardan, azğın kafirlərdən qorumaq, doğma yurdun şərəfini qorumaq onların üzərinə düşür. Düşmənləri diz çökdürən oğuzlarda daxili ziddiyyətlərdə mövcuddur və onların faciəsi də bu daxili ədavət və ziddiyyətlərdən törəyir. Öz dayısının başını kəsən Salur Qazan bununla xəyanətlə öldürülmüş Bamsı Beyrəyin qanını alsa da, hər halda oğuzun oğuza əl qaldırması faciədir, arzuolunmaz hadisədir.

 

“Kitabi – Dədə Qorqud”un hər bir boyunda bir oğuz igidinin qəhrəmanlığından danışılır. Hadisələr yay-qış qarı-buzu əriməyən Qazlıq dağında, alınmaz Əlincə qalasında, Şərurda, Dərbənddə, Gəncədə, Bərdədə, Dərəşamda, Qaraçquda, Aladağda, Ağcaqalada, Göyçədə, Bayatda baş verir və bütün bunlar onu sübut edir ki. “Kitabi – Dədə Qorqud” məhz Azərbaycan xalqının sənət abidəsi, söz abidəsidir. Əsərdəki bir çox yer-yurd adları bizim günümüzdə də həmin adlarla tanınmaqdadır.

 

Oğuzlar üçün yurd, Vətən sevgisi, torpaq hər şeydən yüksək və əzizdir. Onlar hər an doğma el-oba uğrunda canlarından keçməyə hazırdılar. Oğuz öz qonşularına qarşı da mərddirlər. Onlar başqasının torpağına hücum etmir, sərhədlərini pozmurlar. Lakin düşmən xəyanət edib qəfil hücum etdikdə oğuz igidləri hamılıqla Vətənin müdafiəsinə qalxır, düşməni tarmar edirlər. Dar gündə Vətən sevgisi oğuzlara öz aralarındakı incikliyi də unutdurur, onları birləşdirir.

 

Oğuzlarda qadına, anaya yüksək ehtiram və məhəbbət vardır. Burada ana haqqı tanrı haqqına bərabər tutulur. “Salur Qazanın evinin yağmalanması boyu”nda Qazan xan düşmənlə qarşılaşarkən hər şeydən keçir, lakin anasından keçmir. Oğuzun qadınları, qızları da ismətli, namuslu el qızlarıdır.

 

Oğuzlar çətinə düşəndə tanrıya sığınır, onu köməyə çağrırlar. Tanrı da hər dəfə oğuzların köməyi olur, onları çətinliklərdən çıxarır.

 

“Kitabi-Dədə Qorqud” oğuzların dastana çevrilmiş tarixidir. Dastanda hər sözün, ifadənin, adın dərin mənası var və bunların hamısının arxasında soykökümüz olan oğuzların keçmiş tarixi durur.


Mənim vətənim Azərbaycandır, odlar  yurdu, odlar ölkəsi olan bir diyardır, torpağı gözəl, insanları gözəl bir məmləkətdir.

 

Mən öz Vətənimi çox sevirəm.Vətənimin birca qış gününü xarici ölkələrin, dövlətlərin yüz baharına dəyişmərəm.Qürbət cənnət olsa da, mənim şahım vətəndir, Azərbaycandır. Mən özümü onda tapmışam. Vətən mənim ilk və son məhəbbətim, ümidim, şöhrətim, şərəfim, sevincim və vüqarımdır. Vətən mənim səcdagahım, and yerim, fəxarət dünyamdır. Mən onun torpağından yaranmışam, onun torpağına da qarışacağam, Onsuz mənə həyat, dirilik yoxdur.

 

Böyük nağıl ustası Andersenin “Gümüş pul” hekayəsini xatırlayıram:

Bir məmləkətin pulu xarici ölkəyə səfər edən birinin cibində yad məmləkətə gəlib çıxır. Pul bu ölkədə əldən-ələ keçir, saxta hesab edilir, dəyərsizləşir, heç kimə lazım olmur. Daxılda bir tərəfə atılan pul bu ölkənin xərclənən, istifadə olunan pullarına baxıb ah çəkir. Fikirləşir ki, öz ölkəsində onun dəyəri var idi, o, lazımlı idi, gərəkli idi, ondan istifadə olunurdu, burada isə onu sayan yoxdur, o, heç kimə gərəkli deyil. Yad ölkədə xərclənməyən pul xiffət çəkir, dərdə düşür və nəhayət, bir müddətdən sonra həmin pul hərlənib yenidən öz ölkəsinə qayıdanda dəyərini tapır, özünə qayıdır, xiffətdən azad olur.

 

Yalnız pulun deyil, həyatda hər şeyin, hə kəsin öz dəyəri var. Əşyanın da, insanında dəyəri onun gərəkliliyi, lazımlılığı ilə ölçülür. Bu ölçünün meyarı isə Vətəndir, ana torpaqdır.

Daddımsa dünyanın hər nemətini,

Gözəl diyarlarda keçdisə ömrüm,

Dünyanın ən böyük səadətini

Vətən torpağının ətrində gördüm.

Azərbaycan! Ata-baba ocağım, pənahım, varlığım, arxam, bəxtiyarlığım, əbədi sevincim mənim! Sən mənim susmaz nəğməm, ən ulu sözümsən! Mənim ölçüm də, dəyərimdə sənsən!

 

Azərbaycan sən yer üzündə “məhəbbət”, “dostluq”, “günəş” sözləri ilə qoşa durursan. Sən bizim damarlarımızda ana südü ilə axıb gələn al qanımızsan. Xoşbəxtəm ki, qoynunda dil açıb danışmışam. Eşidib yazdığım ən müqəddəs kəlmələrdən biri on hərfli “Azərbaycan” olub.

Odlar yurdu – Azərbaycan! Canımsan.

Vətənimsəm, vicdanımsan, qanımsan.

Heysiyyətim, duyğularım, mənliyim,

Sevincimsəm, şənliyimsən, mənim sən.

Səninlədir  yaşayışım, varlığım,

Yaşayıram qoynunda mən

sənsən bütün varlığım!

Yaşa, çağla mənim qədimdən də qədim diyarım, yüz min illər dövran sürmüş əzəli və əbədi yurdum – Azərbaycan!


Qarabağ! Bu ad necə də gözəl səslənir, necə də musiqili və ahəngdardır. Elə bil “Cəngi” də, “Koroğlunun uvertürası” da Qarabağ notu əsasında bəstələnib. 

Qarabağ – sevimli Üzeyirimizin qədəm açıb yeridiyi torpaq, yurdumzun dilbər guşəsidir.

 

Şuşa – qəsbkar şahların başını bədənindən ayıran, onlarca fatehi atından düşürən tarixi şəhər, gözəl məkandır.

 

Topxana – Şahdağımız, Qoşqarımız, göylərə baş çəkən Göyəzənimiz, Vaqif yadigarı olan cənnət diyarımızdır. Hələ Kəlbəcər, Turşsu, İsa bulağı…

 

Çox-çox təəssüflər olsun ki, qoruya bilmədik Azərbaycanımızın bu dilbər guşəsini, gözəl məkanını. İstəməsək də, verdik yağı ayağının tapdağına. Özümüz göynəyə-göynəyə qaldıq, yuxumuz ərşə çəkildi.

 

Azərbaycan dünyanın cənnət diyarı, şah əsəridir. Bu şahın tacı isə Qarabağdır. Tacı isə başda gəzdirərlər. İndi bu tacın yeri başımız yox, ürəyimizdir, qəlbimizdir.

 

Vətənimizin dilbər guşəsi, bir zamanlar dillər əzbəri olan Qarabağ torpağı indi düşmən tapdağı altındadır. Odu-ocağı yağmalanmış, torpağı talanmış bu elin həsrəti hamımızın, xüsusən də öz elindən didərgin düşmüş qaçqınlarımızın qəlbini göynədir. Vaxtilə musiqi festivaları keçirilən, çal-çağırdan qulaq tutulan, indi isə gülü-çiçəyi qan ağlayan Cıdır düzünün də gözü nəmli, sinəsi dağlıdır. Azərbaycanın üzük qaşı, konservatoriyanın beşiyi sayılan Şuşa indi haraydadır:

Sinəmə dağ oldu – gülüzlü Şuşa,

Şuşasız bu dünya laləzar deyil,

Şuşasız bu ölkə yoxdur – var deyil.

Bu gün biz “Qarabağ bizimdir!” deyib özümüzə təsəlli  versək də, əslində bilirik ki, Qarabağ bizim yox, düşməmlərin əlindədir və onu qaytarmaq üçün sülh danışıqlarından daha çox, vətənpərvərlik hissi, mübarizə əzmi, qələbə ruhu lazımdır. Ana vətən, sinəsi dağlı Qarabağ bizi intiqama çağırır. Qarabağımız dardadır, bizi səsləyir, bizi gözləyir, bizdən kömək diləyir. Bu torpaq yad əlləri, yad nəfəsləri, yad dilləri qəbul edə bilmir. Bu torpaq indi doğma dildən çıxan bircə “Vətən” kəlməsinə həsrətdir. Bizdə bu ulu torpağın həsrətindəyik. Biz bu torpağı düşmən tapdağı altında qoya bilmərik.

 

Bizim hər birimizin ən böyük arzusu qələbədir, işğal olunmuş torpaqlarımızın, doğma Qarabağımızın geri qaytarılması, azad olunmasıdır. Mən inanıram ki, qeyrətinə arxalandığımız, ümidmizi bağladığımız igid oğullarımız bizi bu bəladan xilas edəcəkdir. Mən inanıram ki, həmin şad günü həsrətlə gözləyən, qələbə sevincini yaşamaq istəyən  arzularımız gerçəkləşəcək, Qarabağ həsrətimizə son qoyulacaqdır.

Keçmə şerindən, muiqisindən,

Könlümün sevgisi bu oylaqdadır.

Sevinməyə haqqım yoxdur dünyada

Çünki Qarabağım dar ayaqdadır.

Ana dilim şirindir

Dərc edildi: 8 Aprel 2012 / İnşalar

Mənim ana dilim! Bu, o dildir ki, analarımız bizə beşik başında həyatın ən həzin simfoniyası olan laylanı bu dildə demişdir. Bu, o dildir ki, Füzuli eşqi, Nəsimi dözümü, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza hopmuşdur.

 

Ana dili bizim müqəddəs sərvətimiz, anamızın dilidir. Ana dili ömrümüzə məna verən, onu gözəllədirən əxlaq dərsliyidir. Ana dili adicə bir ifadə deyil, ürəklərə hərarət gətirən, insanı öz keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Ana dili bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır.

 

Dilsiz insan susuz səhralara bənzər. İnsan hələ körpə ikən dilin vasitəsilə ana laylasındakı doğmalığı duyur, hiss edir, eşitdiyi nağıllardakı hər sözün, hər ifadənin necə səsləndiyini cəhd edir.

 

Mənim ana dilim Azərbaycan dilidir. Bu dil məni dünyaya gətirən anamın dilidir, üzərində boy atıb böyüdüyüm Vətənimin dilidir, Azərbaycan Respublikasının dövlət dilidir.

 

Azərbaycan dili həm qüdrətli və gözəl, həm də mənalı və şirin dildir. Bu dil ən mürəkkəb fikirləri ifadə etməyə, ən obrazlı epizodları çatdımağa qadir bir dildir.

Səni şəfəq bildim bu cahanda mən,

Bəzən şimşək olub qəzəblə çaxdın.

İlk dəfə dünyaya göz açanda mən,

Qəlbimə günəşin özüylə axdın.

Azərbaycan dili Azərbaycan xalqının varlığıdır. Min ildən artıq tarixi olan bu dildə nə qədər gözəl əsərlər yaranmış, nə qədər hikmətli fikirlər söyləmişdir. Azərbaycan dili haqqında yazıçı Mirzə İbrahimovun fikri çox maraqlıdır. O yazır: “Azərbaycan dili qanadlı xəyalları, coşqun ehtirasları, dərin fikirləri ifadə edə bilir. Eyni zamanda bu dil gözəldir, cazibədardır, şerlə, ahənglə, musiqi ilə doludur.”

 

İnsan həyatında dil qədər lazımlı, dil qədər ecazkar bir şey yoxdur. Çünki məhz dilin köməyilə biliklərə yiyələnir, onun vasitəsi ilə öz sevinc və arzularımızı, sevgi və məhəbbətimizi, qəzəb və nifrətimizi bildiririk.

 

Azərbaycan dili əsrlər boyu inkişaf edərək zamanlardan süzülə-süzülə gəlmiş, kamil bir dilə çevrilmişdir. Bu incə və lətafətli dil bütün dövrlərdə öz gözəlliyi və şirinliyi ilə dünya dillərinə meydan oxumuşdur. Bir çox tanınmış sənətkarlar bu dilin gözəlliyini duyaraq onu öyrənmək həvəsində olmuşlar. Böyük rus şairi M.Y.Lermontov Qafqazda olarkən dostu S.A.Rayevskiyə yazırdı ki, Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda da Azərbaycan dilini bilmək o qədər zəruridir.

 

Azərbaycan dili bizim varlığımız və sərvətimizdir. Onun saflığını və müqəddəsliyini qorumaq, yad təsirlərdən qurtarmaq bizim borcumuzdur. Mən Azərbaycan ölkəsində yaşayıb Azərbaycan dilində danışdığıma görə fəxr edir və yazımı görkəmli şairimiz Nəbi Xəzrinin şerindən götürülmüş bir bəndlə bitirmək istəyirəm:

Ucalır bağçada bülbülün səsi,

Çay susur, əsməyir çəməndə yel də.

Nə qədər doğmadır onun nəğməsi

Bülbül də elə bil ötür  bu dildə.


Əmək ən gözəl estetik varlıqdır. Əmək insanı mənən ucaldır, onda estetik zövq yaradır. Əmək şərəf işi, şöhrət işidir. İnsan yalnız öz halal əməyi, həqiqi alın təri ilə xoşbəxt ola bilər. Hər bir halda xoşbəxtliyə gedən yol halal zəhmət yolu, faydalı əmək yoludur. İnsanın estetik zövqü əmək prosesində inkişaf edir, əmək prosesində  kamilləşir.

 

Əmək insan həyatının bir parçası, həm də zəruri elementdir. İnsan həyatının əsl mənası faydalı əməkdə, alın tərindədir. Hələ şifahi xalq ədəbiyyatımızdan başlamış müasir dövrümüzə qədər olan bədii irsimizdə əməyə yüksək münasibət ifadə olunmuş, onun insan həyatındakı böyük rolu tərənnüm edilmişdir.

 

Dahi şairimiz Nizami Gəncəvinin bədii irsinə müraciət edək. Şairin ilk poeması olan “Sirlər Xəzinəsi”ndəki maraqlı hekayələrdən biri “Kərpic kəsən kişinin dastanı”dır. Bu əsədə əməyin şərəfli rolu, insan həyatındaki misilsiz əhəmiyyəti çox parlaq şəkildə açılıb göstərilir. Dünya görmüş kərpickəsən qoca namuslu əməyi sevir, öz əlinin zəhməti ilə dolanır, ruzisini kəpic kəsməklə qazanır, heç kəsə baş əyir və öz sənəti ilə fəxr edir. Qocanın dili ilə onun zəhmətinə xor baxan cavana deyilən:

Onunçun öyrətdim ki, əlimi bu sənətə,

Bir gün sənə əl açıb düşməyim xəcalətə -

misraları əməyin mənasını, onun həqiqi romantikasını çox gözəl əks etdirir. Əsərin sonu daha təsirli səslənir:

Gözəl oğlan sarsıldı qocanın bu sözündən,

Orda durmayıb getdi, yaş axıdıb gözündən.

Cavan oğlan qoca ilə söhbətində öz səhvini, yanıldığını başa düşür, göz yaşları tökərək üzr istəyir. O anlayır ki, qocanın halal zəhməti ucalığı, əzəmətidir və bu qoca öz əzəməti ilə çoxlarından yüksəkdə durur.

 

Əmək insan həyatının cöhvəridir. Əmək bolluq, firavanlıq deməkdir. Əmək insan ömrünə bəxtiyarlıq və səadət gətirir, insanı ucaldır, şərəfləndirir. İnsanən öz yaradıcı əməyinin nəticəsindən aldığı zövqü, məmnunluğu ona heç kim bağışlaya bilməz. Böyük şairimiz Hüseyn Cavid çox doğru olaraq göstərir ki, əsl bəxtiyarlıq xalqa xidmətdir. O adam xoşbəxtdir ki, onun əməyi milyonlara gərək olsun, Vətənin, ölkənin çiçəklənməsinə, yüksəlməsinə xidmət etsin. Şair insanları xeyirli işə, təşəbbüskarlığa, yaradıcı əməyə, fədakarlığa çağıraraq deyir:

Haqq da, həqiqət də göz önündədir,

Yer altında deyil, yr üstündədir.

Bəxtiyarsan əgər çəkdiyin əmək,

Cahan sərgisinə versə bir çiçək.

Həyatda səadətə, xoşbəxtliyə gedən yol əmək cəhəsindən keçir. Mən əməyin yaradıcı gücünə inanıram və gələcəkdə mən də öz əməyimlə ucalmağa çalışacağam.


Elm həqiqəti öyrənir, həyatın qanunauyğunluqlarını, təbiətin sirlərini bir-birinin ardınca kəşf edir. Elmlə məşğul axtarmaq isə gözəlliyin sorağında gəzmək, onu kəşf etmək deməkdir. Çünki həqiqətən gözəllikdən, gözəllik isə həqiqətdən ayrı deyildir. Gözəlik duyğusu varlığın inikası, mövcud həqiqətin idrakıdır. İnsan bütün varlığı ilə gözəlliyə can atır və deməli, həqiqi gözəlliyi duymaq, dərk etmək üçün elm öyrənmək vacibdir.

 

Elm həm də dünyagörüşüdür, insanı yüksəldən mənəvi ucalıqdır. İnsan yalnız elmi, bacarığı ilə başqalarından fərqlənə, onlara nisbətən üstün mövqeyə malik ola bilər.

 

Hələ XII əsrdə dahi şairimiz Nizami Gəncəvi elmin insan həyatındakı əhəmiyyətini, onun yaradıcı rolunu düzgün qiymətləndirmiş, öz əsərlərində bir sıra elmi məsələlərə toxunmuşdur. Şairin fikrincə, adamlar elmin gücü ilə qələbə çalıb müvəffəqiyyət qazana bilərlər. Nizami elmə, elm adamına olan yüksək münasibətini öz qəhrəmanı İsgəndərin dili ilə belə verir:

O böyük, ağıllı, ayıq hökmdar

Öz şahlıq taxtında tutarkənqərar,

Əmr etdi, verildi belə bir fərman:

“Alimdir gözümdə ən əziz insan

Elmlə, hünərlə! Başqa cür heç kəs

Heç kəsə üstünlük eyləyə bilməz.”

Ata-babalarımız da elmə, elm adamına həmişə yüksək qiymət vermiş, ehtiramla yanaşmışdır. Bunu ulularımızın elm haqqındakı hikmətli kəlamlara da sübut edir:

Elm ağlın çırağıdır.

Elm elə bir xəzinədir ki, nə qədər sərf etsən, bir o qədər artır.

Elm öz sahibinə böyük zinətdir.

Elmsiz adam meyvəsiz ağac kimidir.

Müasir dövrümüz yüksək texnika dövrü, yüksək sivilizasiya dövrüdür. Bu dövrdə yüksək elmi səviyyə, dərin bilik tələb olunur. Elm və bilik isə yalnız oxumaqla, öyrənməklə əldə edilir.

 

Bu gün mən parta arxasında əyləşərək sevimli müəllimlərimdən elmin dərinliklərini öyrənir, bilik əldə edirəm. Bilirəm ki, elm, bilik böyük qüvvədir, gələcək yüksək ixtisasların özülüdür. Ona görə də çalışıram ki, müəllimlərimin verdiyi bütün tapşırıqları vaxtlı-vaxtında yerinə yetirim, onlara  diqqətlə qulaq asım, çoxlu elmi kitablar oxuyum. Ancaq elmli, bilikli olduğum təqdirdə mən başqalarından üstün ola bilərəm. Mən isə, həqiqətən, üstün olmaq,öz biliyimlə, bacarığımla tanınmaq istəyirəm.